İLHAM ƏLİYEV seçicilərin 84,73 faizinin səsini qazanmışdır
Bakı, 10 oktyabr. Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlamışdır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, MSK sədri oktyabrın 10-da bununla bağlı mətbuat konfransı keçirmişdir.
MSK sədri demişdir: "Bu gün biz çox əlamətdar, tarixi bir gün yaşadıq. Prezident seçkiləri yüksək səviyyədə keçirilmişdir. Oktyabrın 9-da səhər saat 8:00-da səsvermə başlamış və saat 19:00-da başa çatmışdır. İlkin nəticələrə görə yüksək seçici fəallığı ilə keçən səsvermədə səsvermə hüququ olan 5 milyon 145 minə yaxın seçicinin 3 milyon 720 min 642-si, yəni 72,31 faizi səs vermişdir. Mütəşəkkilliklə keçən prosesi çox nüfuzlu qurumların müşahidəçiləri izləmişlər. Min məntəqədə quraşdırılmış veb-kameralar səsvermənin gedişini onlayn izləməyə imkan vermişdir”.
M.Pənahovun sözlərinə görə, seçki günü ərzində MSK-ya heç bir şikayət daxil olmamışdır. Yalnız telefon vasitəsilə daxil müraciətlər olmuşdur ki, bu müraciətlərə də dərhal münasibət bildirilmişdir.
Seçkilərdəki mütəşəkkil iştirakına görə Azərbaycan xalqına minnətdarlığını bildirən M.Pənahov səsvermənin ilkin nəticələrini açıqlamışdır.
M.Pənahov demişdir ki, 5492 məntəqənin 4183-nün ilkin nəticələri artıq MSK-ya daxil olmuşdur.
İlkin nəticələrə görə, hazırki Prezident İlham Əliyev seçicilərin 2 milyon 282 min 936-nın və yaxud da 84,73 faizinin səsini qazanmışdır.
Prezidentliyə digər namizəd Cəmil Həsənli isə seçicilərin 140 min 34-nün səsini və yaxud 5,2 faizinin səsini qazanmaqla ikinci yerdədir.
Prezidentliyə digər namizədlər - İqbal Ağazadə seçicilərin 62 min 186-nın (2,31 faiz), Qüdrət Həsənquliyev 56 min 708-nin (2,1 faiz), Zahid Oruc 40 min 255-nin (1,40 faiz), İlyas İsmayılov 30 min 969-nun (1,12 faiz), Araz Əlizadə 23 min 731-nin (0,88 faiz), Fərəc Quliyev 23 min 450-nin (0,87 faiz), Hafiz Hacıyev 18 min 582-nin (0,66 faiz), Sərdar Məmmədov isə 17 min 705-nin (0,63 faiz) səsini qazanmışlar.
Səslərin hesablanması davam edir.