Maykl MAKMAHON: ABŞ müşahidə missiyasının üzvü: Azərbaycanda seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilmişdir
Bakı, 9 oktyabr. Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Amerikanın müxtəlif Ştatlarından Bakıya 47 müşahidəçi gəlmişdir. Onlar 24 qrupda paytaxt Bakıda və ətraf bölgələrdə 250-dən çox məntəqədə səsvermənin gedişini izləmişlər.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu məlumatı ABŞ-dan gəlmiş seçkiləri müşahidə missiyasının üzvü, keçmiş konqresmen Maykl Makmahon oktyabrın 9-da seçkilərin nəticələri ilə bağlı keçirdikləri mətbuat konfransında səsləndirmişdir.
O demişdir ki, ABŞ-dan gəlmiş müşahidəçilər qrupuna sabiq konqresmenlərlə yanaşı tanınmış siyasətçilər, siyasi şərhçilər, jurnalistlər daxildirlər. Müşahidə missiyasının üzvləri səsvermə zamanı qanun pozuntusu aşkar etməyiblər. "Seçkilərin təşkili və səsvermə ilə bağlı siyasi partiyaların nümayəndələrinin, prezidentliyə namizədlərin təmsilçiləri, müşahidəçilərlə söhbətlər aparmışıq. Onlar da seçkilərin gedişindən razılıqlarını bildirmişlər. Müşahidə zamanı biz seçicilərin səsvermə zamanı şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək bülleten götürməsinin, barmaqların xüsusi mürəkkəblə rənglənməsinin, eləcə də seçici fəallığının şahidi olduq. Ona görə də deyə bilərik ki, seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilmişdir”.
Maykl Makmahon ABŞ müşahidə missiyasına göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan xalqına minnətdarlıq etmişdir.