Valeri ÇEÇELAŞVİLİ: Prezident seçkiləri beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına uyğun keçirilmişdir
Bakı, 9 oktyabr. Prezident seçkiləri beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına uyğun keçirilmişdir.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, belə bir bəyanatla GUAM-ın müşahidə missiyası adından qurumun baş katibi Valeri Çeçelaşvili çıxış etmişdir.
V.Çeçelaşvili demişdir ki, GUAM-ın müşahidəçiləri paytaxt Bakıda və Sumqayıtda 35 məntəqədə səsvermənin gedişini izləmişlər. Missiyanın üzvləri belə bir qənaətə gəlmişlər ki, seçkilər beynəlxalq öhdəliklərə, xüsusən də Avropa Şurasının standartlarına, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun təşkil olunmuşdur. Səsvermə demokratik seçki standartlarına cavab vermişdir.
GUAM-ın müşahidə missiyasının seçkilərin nəticələrinə təsir edə biləcək heç bir iradı yoxdur.
Seçkilər normal rəqabət mühitində, azad, şəffaf və ədalətli keçmişdir.
GUAM-ın müşahidə missiyasına Ukrayna və Gürcüstandan deputatlar daxildirlər.