Respublika üzrə saat 19.00-dək olan seçici fəallığı açıqlanmışdır
Oktyabrın 9-da keçirilən prezident seçkilərinin respublika üzrə saat 19:00-a olan yekun seçici fəallığı ilə bağlı hesabat açıqlanmışdır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK Katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verərək bildirmişdir ki, ümumilikdə 3 milyon 720 min 643 nəfər səs vermiş, ölkə üzrə seçici fəallığı 72,31 faiz təşkil etmişdir.
Bildirilmişdir ki, ölkə üzrə ən çox seçici fəallığı Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır. Son məlumata görə, 83,00 faiz səslə 1 saylı Şərur-Sədərək, 82,90 faizlə 4 saylı Naxçıvan şəhər, 82,47 faizlə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairələri öndədir. Ən aşağı seçici fəallığını isə 61,49 faizlə 26 saylı Sabunçu birinci seçki dairəsi göstərmişdir.