Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
Oktyabrın 9-da səhər saat 8.00-da Azərbaycanın bütün ərazisində Azərbaycan Respublikası prezidentinin seçkiləri başlamışdır. Prezident postu uğrunda 10 namizəd mübarizə aparır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, prezident seçkiləri 125 seçki dairəsi üzrə 5492 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5273-ü daimi fəaliyyət göstərir, 219-u Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilmişdir. Məntəqələrə 5 milyon 149 min 255 seçki bülleteni paylanılmışdır.
Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilmiş və digər lazımi avadanlıqla təmin olunmuşdur. Kompyuterlər fiber-optik kabellər vasitəsilə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə (DAİS) qoşulmuşdur. Bu da bütün məlumatların Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinə operativ və təhlükəsiz ötürülməsini təmin edəcəkdir. Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da DAİS vasitəsilə "Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaqdır. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcəkdir.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində (20 faiz) quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az;www.infocenter.gov.az) qoşulmuşdur. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunmuş və MSK-nın internet səhifələrində yerləşdirilmişdir.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 145 minə yaxındır. Seçki prosesini 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyir. Beynəlxalq müşahidəçilərin sırasında ATƏT, ATƏT DTİHB, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi (MDB), MDB Parlament Assambleyası, TürkPA, Türkdilli Dövlətlərin Әmәkdaşlıq Şurası və digər nüfuzlu təşkilatların, eləcə də 60-a yaxın dövlətin nümayəndələri vardır.
Bundan əlavə, prezident seçkilərini Qazaxıstan, Ukrayna, Moldova, Türkiyə və Latviya MSK-larının sədrləri və üzvləri də izləyirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 52 minə yaxındır. Onlar siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və öz təşəbbüsü ilə müşahidəçi statusu alanlardır.
Seçkiləri işıqlandırmaq üçün 100-ə yaxın xarici kütləvi informasiya vasitəsi MSK-ya müraciət etmiş və Komissiya onları müvafiq lövhəciklərlə təmin etmişdir. Bunların arasında TRT, NTV, "Mir” televiziyaları, BBC, "Bloomberg News”, Anadolu, "Röyters”, "Frans-Press”, İTAR-TASS, "Assoşieyted Press”, "Sinxua” informasiya agentlikləri, "Nyu-York Times”, "Rossiyskaya qazeta” kimi nüfuzlu nəşrlərin əməkdaşları da vardır.
Səsvermə saat 19:00-da başa çatacaqdır.