Azərbaycanda prezident seçkiləri vaxtında başlamışdır
Oktyabrın 9-da səhər saat 8.00-da Azərbaycan Respublikasının prezidenti seçkiləri başlamışdır. Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu münasibətlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirmişdir.
MSK sədri bildirmişdir ki, 125 seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində normal səs vermək üçün Seçki Məcəlləsinin tələblərinə uyğun hər cür şərait yaradılmışdır. Prezident seçkilərində 5 milyon 145 min 643 seçici 5 min 492 məntəqədə səs verəcəkdir. Prezident postu uğrunda 10 namizəd mübarizə aparır.
Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilmiş və digər lazımi avadanlıqla təmin olunmuşdur. Kompyuterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulmuşdur. Bu da bütün məlumatların Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcəkdir. Gün ərzində 5 dəfə "Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaqdır. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcəkdir.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Bu isə ümumi məntəqələrin 20 faizi deməkdir. Seçki prosesinin gedişini 1400-ə yaxın beynəlxalq müşahidəçi bütün məntəqələrdə maneəsiz izləyəcəklər. Yerli müşahidəçilərin ümumi sayı isə 52 minə yaxındır. Çoxsaylı xarici kütləvi informasiya vasitəsi də seçkilərin işıqlandırılmasında iştirak edir.
Səsvermə saat 19:00-da başa çatacaqdır. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra prezident seçkiləri başlanmışdır.