"Səs Ver" kampaniyasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib
Bakı, 8 oktyabr. Prezident seçkilərində gənclərin prosesə fəal şəkildə cəlb olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi və "İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Səs Ver” kampaniyasının nəticələri haqqında mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən MSK katibliyinin müdiri Rövzət Qasımov layihəni yüksək qiymətləndirib. O, deyib ki, layihənin məqsədi seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir. R.Qasımov qeyd edib ki, "Səs ver” kampaniyası uğurlu nəticələr verməkdədir. R.Qasımov bildirdi ki, layihənin ən mühüm hissəsi oktyabrın 9-da olacaq: "Oktyabrın 9-da 70 min gənc ilk dəfə səs verəcək. İndiyədək həmin gənclərimiz nəyisə soruşurdularsa, sabah artıq birbaşa bu prosesdə iştirak edəcəklər”.
Sonra "İrəli” İctimai Birliyin sədri Rauf Mərdiyev "Səs Ver” kampaniyasının gedişi barədə təqdimatla çıxış etmişdir. Kampaniyanın ərsəyə gəlməsində MSK rəhbərliyinə təşəkkürünü bildirən Rauf Mərdiyev layihə çərçivəsində gənclər arasında, eyni zamanda bütün sosial şәbәkәlәrdә aktiv işlər aparıldığını deyib:
"Kampaniyanın məqsədi oktyabrın 9-da ilk dəfə səs verəcək gəncləri innovativ yollarla maarifləndirməkdir.” "İrəli” İB-nin sədri bildirib ki, kampaniya çərçivəsində www.sesver.az saytı fəaliyyətə başlayıb, "Səs Ver” mahnısı yazılıb və klip təqdim edilib: "Eyni zamanda ali təhsil müəssisələrində və bölgələrdə "Səs Ver” təlimləri keçirilib. Gənclərin seçki prosesi ilə bağlı məlumatlandırılması üçün "Səs ver” kitabçaları paylanıb, gənclərin seçkilərlə bağlı suallarını cavablandırmaq üçün "Səs Ver” Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin MSK-nın dəstəyi ilə üzvləri gənclər olan 10 nəfərdən ibarət təlimçi qrup hazırlanıb. Şəhərin mərkəzində yürüşlər keçirilib. Bunlardan biri böyük marağa səbəb olan velo yürüş olmuşdur.”