Oleq LEBEDEV: Azərbaycanda seçkilərə hazırlıq beynəlxalq standartlara cavab verir
Bakı, 8 oktyabr. MDB Parlament Assambleyasının uzunmüddətli müşahidə missiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyətini öyrənmək üçün avqustun 1-dən Azərbaycandadır. Onlar paytaxt Bakıda və respublikanın reginlarında olmuşlar.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bunu jurnaslitlərə MDB PA müşahidə missiyasının üzvü Oleq Lebedev söyləmişdir. O bildirmişdir ki, missiyanın üzvləri prezidentliyə namizədlərin seçki qərargahlarında olmuş, onların səlahiyyətli nümayəndələri ilə görüşmüş, seçkiqabağı təşviqata dair fikirlərini öyrənmişlər.
Namizədlər həm seçkilərə hazırlığın vəziyyətini, həm də təşviqat kampaniyasının təşkilini yüksək qiymətləndirmişlər.
O.Lebedev demişdir: "Biz sadə vətəndaşlarla da görüşmüşük. İnsanlar azad, sərbəst şəkildə seçkilərlə bağlı fikirlərini söyləyirlər. Cəmiyyətdə demokratik mühit mövcuddur. Bu isə seçkilərin azad, demokratik, şəffaf keçirilməsi üçün zəmin yaratmışdır. Bu və digər amilləri nəzərə alaraq deyə bilərik ki, seçkilərə hazırlıq beynəlxalq standartlara cavab verir”.
MDB PA müşahidə missiyasının digər üzvü, MDB PA Şurası katıbliyinin rəhbəri, Baş katib Aleksey Sergeyev uzunmüddətli müşahidə missiyasının seçkilərə hazırlığı yüksək qiymətləndirdiyini bildirmişdir: "Müşahidə missiyası seçkiqabağı vəziyyətə dair ilkin hesabat hazırlamışdır. Həmin sənəddə seçki prosesinə hazırlıq məsələləri öz əksini tapmış və biz hesab edirik ki, seçkinin yüksək səviyyədə təşkil edilməsi üçün qanunla nəzərdə tutulmuş lazımi addımlar atılmışdır. İnanırıq ki, səsvermə də yüksək səviyyədə keçəcəkdir”.
Qeyd edək ki, MDB PA-nın qısamüddətli müşahidə missiyası da artıq Azərbaycandadır və onlar ölkə üzrə 120-dən çox məntəqədə səsvermənin gedişini izləyəcəklər.