Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinə hazırlıqla bağlı sonuncu mətbuat konfransını keçirmişdir
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 8-də Müstəqil Mətbuat Mərkəzində prezident seçkilərinə hazırlıqla bağlı sonuncu mətbuat konfransını keçirmişdir. Məzahir Pənahov bildirmişdir ki, budəfəki seçkilərdə 10 namizəd mübarizə aparacaqdır.
Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası üçün bütün lazımi şərait yaradılmış, kampaniya tam demokratik və qanunauyğun keçmişdir. Seçkilərdə 5 milyon 145 minə yaxın seçici 5 min 492 məntəqədə səs verəcəkdir. Onlardan 5 min 273-ü daimi, qalan 219-u isə səsverməyə 5 gün qalmış yaradılmış müvəqqəti məntəqələrdir. Müvəqqəti məntəqələr Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində, neft platformalarında, sanatoriyalarda, hərbi hissələrdə, islah əmək müəssisələrində, eləcə də Azərbaycan bayrağı altında üzən gəmilərdə yaradılmışdır.
M. Pənahov qeyd etmişdir ki, seçicilərin hüquqları mütləqdir və adlarını seçici siyahısında tapmayan şəxslərin yaşadıqları ərazidəki məntəqəyə daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmələri kifayətdir. Onların adları əlavə seçici siyahısına daxil ediləcək və səsvermə hüququndan istifadə edə biləcəklər .
MSK sədrinin sözlərinə görə, seçkiləri 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyəcəkdir. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyəcəkdir ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini daimi seçki komissiyalarında akkreditasiyadan keçmişdir. Mətbuat konfransında vurğulanmışdır ki, seçkilərlə əlaqədar 125 dairədə 5492 məntəqə yaradılmışdır. Bu məntəqələrin minində veb-kameralar quraşdırılmışdır ki, bu da ümumi sayın 20 faizini təşkil edir.
Seçkilərdə seçki subyektlərinin maarifləndirilməsi məsələsinə toxunan MSK sədri bildirmişdir ki, bu istiqamətdə də mühüm işlər görülmüşdür. Belə ki, MSK bütün seçki subyektləri üçün müxtəlif formalı maarifləndirmə tədbirləri həyata keçirmişdir. Polislər, müşahidəçilər üçün yaddaş kitabçaları paylanmışdır.
Eyni zamanda, görmə qabiliyyəti zəif olan və ilk dəfə olaraq hərəkət etmək imkanları məhdud olan seçicilər üçün panduslar qurulmuşdur. Bu qrupa aid olan insanlar təxminən 1200-ə yaxın məntəqəni əhatə edir.
Bu dəfəki seçkilərdə ilk dəfə olaraq Həcc ziyarətində olan zəvvarlar üçün də məntəqə yaradılmışdır. Həcc ziyarətində, xidməti ezamiyyətdə və digər səbəblərdən Məkkədə olan 3700-ə qədər azərbaycanlı öz seçki hüququndan istifadə edə biləcəkdir.
MSK sədri bildirmişdir ki, səsvermə oktyabrın 9-da saat 8.00-da başlayacaq və 19.00-da başa çatacaqdır. Səsvermənin gedişilə bağlı gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək, səsvermənin ilkin nəticələri isə elə həmin gün axşam saatlarında açıqlanacaqdır.