Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün seçki komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsi vacibdir
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıda səfərdə olan Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskas oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, Məzahir Pənahov seçkilərin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə qonağa ətraflı məlumat vermişdir.
Zenonas Vaiqauskas onu Bakıya dəvət etdiyinə görə M.Pənahova minnətdarlıq etmişdir. O, Bakıda olduğu müddətdə bir sıra müşahidələr apardığını bildirmiş, Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıqla bağlı qanun çərçivəsində gördüyü işləri yüksək qiymətləndirmişdir. Görüşdə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün seçki komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.