MDB Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olmuşlar
Bakı, 7 oktyabr. MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləmişdir.
S. Lebedev demişdir ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə missiyasının bir qrupu sentyabrın 10-dan Azərbaycandadır. Müşahidəçilər paytaxt Bakı ilə yanaşı respublikanın regionlarında da olmuş, bir sıra görüşlər keçirmiş, seçkiqabağı vəziyyəti öyrənmişlər. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar.
Bildirilmişdir ki, Azərbaycanın hərtəfəli inkişafı, seçkilərin demokratik, azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaratmışdır.
Qonaqlara oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı atılmış addımlar barədə məlumat verilmişdir.