Yevgeni Sloboda: Seçkilərin keçirilməsi üçün texniki cəhətdən hər şey hazırdır
Bakı, 4 oktyabr. Müstəqil Dövlətlər Birliyinin müşahidəçiləri Azərbaycan hökumətinin dəvətilə sentyabrın 10-dan Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinqinə başlamışlar. Tam formalaşmış missiyanın tərkibində 276 nəfər müşahidəçi çalışır. Bu da vəziyyəti qiymətləndirmək üçün ölkənin bütün rayon və şəhərlərin tam əhatə etməyə imkan verir.
Bunu Azərbaycanda prezident seçkilərinin monitorinqi üzrə MDB monitorinq missiyasının qərargah rəisi Yevgeni Sloboda Müstəqil Mətbuat Mərkəzinə verdiyi müsahibəsində demişdir.
Slobodanın sözlərinə görə, missiya açıq-aşkar fəaliyyət göstərəcəkdir. Artıq seçkilərin müşahidəsi üzrə aralıq hesabat yayımlanmış, Azərbaycan mətbuatı missiyanın ümumi fəaliyyəti barədə məlumatlandırılmışdır.
Qeyd olunmuşdur ki, missiya Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq monitorinq aparır.
Uzunmüddətli müşahidələr zamanı MDB missiyasının üzvləri dairə seçki komissiyalarına müntəzəm olaraq baş çəkmiş, komissiya üzvlərinin işləri ilə tanış olmuşlar. Nəticədə, missiya belə qənaətə gəlmişdir ki, seçkilərin keçirilməsi üçün texniki cəhətdən hər şey hazırdır.
MSK-nın həyata keçirdiyi maarifləndirici tədbirləri təqdir edən Yevgeni Sloboda "Biz MSK–nın bu işini müsbət qiymətləndiririk – deyə vurğulamışdır.