Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəkdir
Bakı, 4 oktyabr. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi missiyası göndərəcəkdir.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu məqsədlə Foruma daxil olan üzv ölkələrin nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri oktyabrın 8-dən 10-dək Azərbaycanda səfərdə olacaqlar. Onlar Bakı şəhəri ərazisində yerləşən çoxsaylı seçki məntəqələrində seçki prosesinin gedişatını müşahidə edəcək, eyni zamanda seçki subyektləri ilə görüşəcəklər. Forumun müşahidəçi qrupu seçkidən əvvəl və sonra mətbuat konfransı keçirəcəkdir.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çox sayda qeyri-hökumət təşkilatları daxildir.