ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkiləri ilə bağlı aralıq hesabatına dair
19 sentyabr 2013 17:27
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun
Seçki Müşahidə Missiyasının Azərbaycan Respublikası Prezidentinin
9 oktyabr 2013-cü ildə keçiriləcək seçkiləri ilə bağlı
ARALIQ HESABATINA DAİR
Bu günlərdə ATƏT/DTİHB-nin Seçki Müşahidə
Missiyasının Aralıq Hesabatı No.1 yayılmışdır.
Həmin hesabatda seçkilərin gedişatına dair bir sıra
fikirlər səsləndirilmişdir. Bununla əlaqədar aşağıdakıları nəzərinizə çatdırmaq
istərdik:
Qadın namizədin irəli sürülməməsi ilə bağlı
bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının
25-ci Maddəsi ilə təmin edilmişdir. Qadınlar həm Parlamentdə, həm də Azərbaycan
Hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu
seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür
şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməməsinin
hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa
ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək
olar.
2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin
heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna
olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək istərdik ki, 2010-cu
ildə verilən 17 tövsiyədən 12-si qəbul edilmişdir.
Bu haqda məlumat MSK-nın sədri tərəfindən ATƏT/DTİHB-nin
Direktoru cənab Janez Lenarçiçə cari il avqustun 12-də ünvanlanmışdır.
Seçki komissiyalarının təşkili formulası ilə bağlı
bildirmək istərdik ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə
tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının
paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşmışdır. İndiki
müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək
üçün istifadə etmişlər. MSK-nın üzvləri Qanunla tələb edilən kvorumun
olmadığına görə Qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə
bilməmişlər və MSK iflic vəziyyətinə düşmüşdür.
ATƏT/DTİHB-nin o vaxtkı Direktoru Jerar Studmanın
müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmə çağırışları ilə
məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə
müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdır. Seçki
komissiyalarının təşkili formulası bundan sonra Milli Məclis tərəfindən
təkmilləşdirilmişdir.
Bütün televiziya kanallarının hökumətin nəzarəti
altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının
nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir
ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14
regional və 14 kabel) fəaliyyət göstərir. Belə bir qənaətə gəlinməsinə əsas
verən əldə olan faktların və ya buna şərait yarada biləcək qanunların adlarının
MSK-ya təqdim olunmasını istərdik.
Bu mövqe həmçinin, ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının
əlaqələndiriciləri tərəfindən qanunvericiliyi və onun hazırkı
implementasiyasını QHT-lərin seçki prosesini müşahidə etmək qabiliyyətinə mane
olan kimi səciyyələndirilməsinə də aiddir.
Onu da qeyd etmək istərdik ki, seçki prosesində
qeydiyyatdançıxma vəsiqəsi seçicilərin səsvermə hüquqlarını təminatı üçün
effektli vasitə hesab edilməlidir. Bu məqsədlə də MSK hesabatda qeyd edilən
sayda qeydiyyatdançıxma vəsiqəsi çap etdirməklə seçicilər üçün geniş imkanlar
yaratmışdır. Hesabat dərc edilən vaxt həmin vəsiqələrin az sayda seçicilər tərəfindən
alınmasını yekun göstərici kimi qəbul etmək olmaz. Bu proses seçki gününə 3 gün
qalmışadək davam edir və sonda istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müşahidə altında rəsmi olaraq ləğv
edilir.
ATƏT/DTİHB-nin Aralıq Hesabatında təəccübə səbəb
olan anlaşılmazlıqlar seçkiləri müşahidə
missiyasının bu istiqamətdə fəaliyyətinin
(seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf
qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki,
müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra
ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə
tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai
etimadın artırılması baxımından faydalı olardı.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası