Avqustun 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Bu məsələ barədə məruzə edən MSK sədri bildirmişdir ki, 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi Mərkəzi Seçki Komissiyasının 10 avqust 2013-cü il tarixli 9/68 saylı qərarı ilə təsdiq edilmişdir. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2013-cü il avqustun 20-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Komissiyaya təqdim edilmişdir. MSK qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Sonra Komissiya nəzdindəki İşçi qrupunun rəhbəri İlham Məmmədov Yeni Azərbaycan Partiyası tərəfindən təqdim olunmuş imza vərəqələrinin və digər sənədlərin yoxlanılmasının nəticələri barədə məlumat vermişdir.
Sədr Məzahir Pənahov MSK üzvlərini bu məsələ barədə qərarın layihəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyev 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.