Avqustun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 22 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş cənab İlyas Abbas oğlu İsmayılovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. MSK İlyas Abbas oğlu İsmayılovun namizədliyinin təsdiqi barədə qərar qəbul etmişdir.
İclasda Ədalət Partiyası tərəfindən təqdim edilmiş Mütəllim Rəhimov həmin partiyanın səlahiyyətli nümayəndəsi, Ayaz Əfəndiyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar.
Mərkəzi Seçki Komissiyası namizədliyi özü tərəfindən irəli sürülmüş cənab İlqar Eldar oğlu Məmmədovun namizdəliyinin təsdiqi məsələsinə baxmışdır. Bildirilmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciət 2013-cü il avqustun 19-da Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.
Qanunvericiliyin tələblərinə əməl edilmədən İ.E.Məmmədov tərəfindən göndərilməsi ehtimal edilən sənədlər düzgün rəsmiləşdirilmədiyindən və həmin sənədlərdə müəyyən səhv və pozuntular olduğundan namizədliyin irəli sürülməsinin namizədliyi irəli sürülmüş şəxsin iradəsinə uyğunluğunun yoxlanılması, habelə yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə müraciət daxil olan gün təxirəsalınmadan dərhal sürətli poçt xidməti vasitəsilə İ.E.Məmmədovun saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir.
Göndərilmiş sənədlərdə yol verilmiş qüsurlar qismən aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notarial qaydada təyin edilmiş səlahiyyətli nümayəndə tərəfindən 23 avqust 2013-cü il, saat 17.50-də Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə MSK tərəfindən aparılmış araşdırma başa çatmadığından və hazırda buna dair təsdiqedici qərarın qəbul edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq təcridxanasında saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Konstitusiyanın və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Komissiya iddiaçının maraqlarının xeyirinə araşdırma başa çatanadək müddətin uzadılmasını məqsədəmüvafiq hesab etmişdir. MSK qeyd olunan müraciətə baxılma müddətinin uzadılması və qərarın surətinin maraqlı şəxslərə göndərilməsi barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.