Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

22 avqust 2013 15:02

Avqustun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə Komissiyanın 20 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.


Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Qüdrət İsaq oğlu İsaqovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. MSK Qüdrət İsaq oğlu İsaqovun namizədliyinin təsdiqi barədə qərar qəbul etmişdir.


İclasda Vətəndaş və İnkişaf Partiyası tərəfindən təqdim edilmiş 12 nəfər həmin partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.


Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə məsələyə baxmışdır. Komissiya yekun protokollarının hazırlanma qaydasını, sayını təsdiq etmiş və həmin sənədlərin sentyabrın 10-dək Milli Məclis Aparatının mətbəəsində çap edilməsi barədə qərar çıxarmışdır.


MSK 3 saylı Babək-Kəngərli-Naxçıvan, 7 saylı Ordubad – Culfa, 39 saylı Kəpəz birinci (Gəncə) və 81 saylı Beyləqan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.


İclasda cari məsələlərə də baxılmışdır.


MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.