Avqustun 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 16 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. MSK qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyi təsdiq edilsin.
Mərkəzi Seçki Komissiyası Müasir Müsavat Partiyası tərəfindən təqdim olunmuş 25 nəfər şəxsi həmin partiyanın səlahiyyətli nümayəndəsi kimi, 1 nəfəri isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.
İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. Komissiyanın qərarına əsasən, Zahid Məhərrəm oğlu Orucun namizədliyi təsdiq edilmişdir.
MSK Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi məsələsinə baxmış və həmin şəxsin namizədliyinin təsdiqi barədə qərar çıxarmışdır.
Arif Sadıx oğlu Abbasov Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndəsi, Çingiz Yusif oğlu Əhədli isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar.
İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş Ərəstun Məmməd oğlu Oruclunun prezidentliyə namizədliyinin təsdiqi məsələsinə də baxılmış və onun namizədliyinin təsdiq olunması barədə qərar qəbul edilmişdir.
Komissiya Zaur Əhməd oğlu Məmmədovu prezidentliyə namizədliyi təsdiq olunmuş İlqar Əli oğlu Məmmədovun səlahiyyətli nümayəndəsi, Ramil Zahid oğlu Hüseyni isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.
Mərkəzi Seçki Komissiyası cari məsələlərə də baxmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.