Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

14 avqust 2013 11:56

Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirmişdir ki, Azərbaycan Liberal Demokrat Partiyası Rəyasət Heyətinin qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağasi oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq olunması üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiqi üçün əsasların olmasını müəyyən etmişdir.


Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi təsdiq edilsin.


Sonra Cavid Nadir oğlu Şahverdiyev Liberal Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi, Mayisə Səfxan qızı Cəfərova isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar.


Komissiya Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxmışdır. Qeyd edilmişdir ki, Vətəndaş və İnkişaf Partiyası Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiqi üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Mərkəzi Seçki Komissiyası irəli sürülmüş namizədliyin təsdiq olunması üçün əsaslar müəyyən etmiş və Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiqi barədə qərar çıxarmışdır.


31 nəfər Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndəsi, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.


İclasda cari məsələlərə də baxılmışdır.


Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.