Avqustun 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 avqustda keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK katibi Arifə Muxtarova Ümid Partiyası tərəfindən irəli sürülmüş cənab İqbal Fehruz oğlu Ağa-zadənin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Ümid Partiyasının 2013-cü il tarixli 7 avqust IV (VI) Qurultayının qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Ümid Partiyasının sədri İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqust 8-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi təsdiq edilsin.
Sonra Ümid Partiyasının 12 nəfər səlahiyyətli nümayəndəsi, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınmışdır.
Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 17 saylı Yasamal üçüncü, 29 saylı Səbail, 45 saylı Abşeron və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.