Avqustun 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

11 avqust 2013 19:14
Avqustun 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 26 iyul, 2 avqust və 10 avqustda keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.


Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova Azadlıq Partiyası tərəfindən irəli sürülmüş cənab Əhməd Abdul oğlu Orucovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Azadlıq Partiyası Ali Şurasının 5 avqust 2013-cü il tarixli iclasının qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azadlıq Partiyasının sədri Əhməd Abdul oğlu Orucovun namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 6-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada

müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.


Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun namizədliyi təsdiq edilsin.


Sonra Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə məsələyə baxılmışdır. Əli Muxtar oğlu Rza Azadlıq Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.


MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.


İclasda cari məsələlərə də baxılmışdır.


Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.