Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkilərində bəzi bələdiyyələr üzrə seçkilərin təxirə salınması və keçirilməməsinə dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər haqqında məlumat vermişdir.
07 dekabr 2004 17:25
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkilərində bəzi bələdiyyələr üzrə seçkilərin təxirə salınması və keçirilməməsinə dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 75 saylı Lənkəran-Masallı seçki dairəsinin ərazisində olan, Lənkəran şəhərinin Şağlaser bələdiyyəsi üzrə və 70 saylı Masallı şəhər seçki dairəsinin ərazisində olan, Masallı rayonunun İkinci Səmədxanlı bələdiyyəsi üzrə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 217.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr yarandığından namizədlərin irəli sürülməsi və sonrakı hərəkətlərin edilməsi üçün həmin bələdiyyəyə seçkilərin təxirə salınması haqqında qərar çıxarmışdır. Bundan başqa, MSK qərara almışdır ki, Bakı şəhərinin Binəqədi rayonundakı Xocasən bələdiyyəsinin və onun üzvlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 5 il səlahiyyət müddəti başa çatmadığından 17 dekabr 2004-cü il tarixə təyin edilmiş bələdiyyə seçkiləri həmin bələdiyyəyə şamil edilməsin.
Sonra Demokratik Proseslərin Beynəlxalq Araşdırma Mərkəzi (DRBAM) ictimai birliyi tərəfindən təqdim edilən şəxslərin respublikanın bütün ərazisində müşahidə aparmaları məsələsi müzakirə olunmiş və bu məsələnin müzakirəsi növbəti iclasa qədər təxirə salınmışdır.
Sonra Komissiya sədrinin müavini Svetlana Qasımova və Mərkəzi Seçki Komissiyasının üzvü Yusif Bağirzadə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması təklifi ilə çıxış etmişlər. Mərkəzi Seçki Komissiyası 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.