Mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar.
Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunmuşdur. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. Komissiyanın sədri minnətdarlıq hissi ilə qeyd etmişdir ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Respublika Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi köməklik göstərmişlər.
Aprelin 5-dən etibarən Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən dəqiqləşdirilərək yenidən tərtib edilmişdir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmışdır. Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 986 296 nəfər seçicinin adı var ki, onlardan 49. 40 faizi qadın, 50.60 faizi isə kişilərdir. İlk dəfə səsvermə hüququ əldə edən seçicilərin sayı isə 113 977 nəfərdir.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Komissiyanın iclasında büynəlxaql qurumların, respublikamızdakı xarici ölkə səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.