Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixli V Qurultayının və həmin partiyanın İdarə Heyətinin 5 avqust 2013-cü il tarixli iclasının qərarları ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 5-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Sonra Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılmışdır. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhmədov və həmin partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanov səlahiyyətli nümayəndələr, icra katibinin müavini, deputat Siyavuş Novruzov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınmışlar.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.