Oktyabrın 19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 7-də Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərinin müşahidəsi üzrə Xüsusi Komitəsinin rəhbəri Pol Villin başçılıq etdiyi seçkiqabağı missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşlər.
19 oktyabr 2010 15:04
MSK sədri AŞPA müşahidəçilərinin qarşıdan gələn parlament seçkilərində müşahidəçilik missiyasını həyata keçirəcəklərindən məmnun olduğunu qeyd etmişdir.
Missiyanın rəhbəri seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını demişdir.
Nümayəndə heyətinin rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanmışdır.
Sədr qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır.
Vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov ölkədəki seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi üçün bütün qanuni addımların atıldığını diqqətə çatdırmışdır.
O bildirmişdir ki, şəffaflığın təmin edilməsi məqsədilə müşahidəçilik üçün quruma müraciət edən şəxslərin hamısına müsbət cavab verilmişdir.
Ötən seçkilərin təcrübəsinə əsaslanaraq demək olar ki, qarşıdan gələn seçkiləri on minlərlə müşahidəçi izləyəcəkdir.
KİV nümayəndələrinin seçki məntəqələrindən informasiya əldə etmələri üçün də hər cür şərait yaradılacaqdır.
Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın həyata keçirdiyi irimiqyaslı maarifləndirmə proqramı haqqında ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının fəal seçki hüquqlarının təmin edilməsinin çətin olmasına baxmayaraq, MSK məcburi köçkünlərin səsverməsi üçün bütün lazımi şəraiti yaratmışdır.
Missiyanın üzvləri ətraflı məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirmiş və qarşıdan gələn parlament seçkilərində uğurlar arzulamışlar.