Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır

02 avgust 2013 11:30

Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 2-də başa çatmışdır.

Kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

Kurslarda MSK katibliyinin müdiri Rövzət Qasımov "Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu” mövzusunda çıxış etmişdir. Növbəti çıxışçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev olmuşdur. O, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, seçki hüququ dövlətin öhdəlikləri, dövlətdə hüququn təminatı modeli isə birbaşa vətəndaş hüquqları ilə bağlıdır. Bununla yanaşı, dövlət öz üzərinə pozitiv öhdəliklər də götürür. Dövlət fəal və passiv seçki hüququ üçün şərait yaratmalıdır.

Tədbirin sonunda yekun nitqi ilə çıxış edən MSK-nın sədri Məzahir Pənahov qarşıdan gələn prezident seçkilərində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında danışmışdır. Diqqətə çatdırmışdır ki, Avropanın bir hissəsi olan Azərbaycanda prezident seçkiləri seçki qanunvericiliyinə və demokratik dünyada qəbul olunmuş standartlara uyğun, yüksək səviyyədə keçirilməlidir. Dairə seçki komissiyaları seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atmışdır. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır.

Sədr onu da əlavə etmişdir ki, kurslar yekunlaşdıqdan sonra da beynəlxalq qurumlarla birgə aşağı seçki komissiyalarının üzvlə və digər seçki subyektləri üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməli olduğunu vurğulayan Məzahir Pənahov, dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarının maarifləndirilməsi istiqamətində zəruri işlər görmələrini tövsiyə etmişdir. O, qeyd

etmişdir ki, Seçki Məcəlləsinin tələbləri yüksək səviyyədə yerinə yetirilməlidir.

Sonra dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilmişdir.

Avqustun 3-4-də isə dairə seçki komissiyalarının sədrləri üçün mədəni tədbirlər keçiriləcəkdir.

Regionlarda dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 5-dən 7-dək keçiriləcəkdir.