Oktyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
30 oktyabr 2010 14:43
Əvvəlcə 2010-cu il noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə təcrübəsinin tətbiq edilməsinə dair məsələyə baxılmışdır.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Milli Məclisə seçkilərdə səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameralardan istifadə olunması təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
Sonra "İnsan naminə” siyasi partiyalar blokunun təqdim etdiyi səlahiyyətli nümayəndələr qeydə alınmışdır.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır.
Komissiya 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Bakı Appelyasiya Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış və həmin qətnamələrə uyğun olaraq 4 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, MDB Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.