Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilmişdir.
Sentyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilmişdir. "Land Mark” otelində keçirilən sessiyanı ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel açaraq bildirmişdir ki, Azərbaycanda son seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində ildən-ilə irəliləyişlərin olduğu qeyd edilmişdir. Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanmışdır. Ümid edirik ki, bu sahədə nailiyyətlər davamlı olacaq. Hazırda seçkiyə hazırlıq prosesindən razılıq ifadə edən səfir, siyasi partiyalar bloklarının MSK tərəfindən qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da müsbət qiymətləndirmişdir. Bu sessiya seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyi barədədir və ümid edirəm ki, seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verəcəkdir. Bü günkü tədbir Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmişdir. Sentyabrın 21-də Şirvanda, ayın 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumat sessiyaları keçiriləcəkdir. Bu sessiyalar seçkilərin daha demokratik keçirilməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, qarşıdan seçki sınağı gəlir və bu seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün hakimiyyət qanunla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə demokratiyanı əsas siyasi xətt elan etmişik və bütün addımlarımız ölkədəki demokratik təsisatların daha da möhkəmləndirilməsinə xidmət edir. Yerli icra hakimiyyəti orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, onlar yerlərdə seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra hakimiyyətlərinin vəzifəsidir. İcra hakimiyyəti strukturları da üzrlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizin çox mühüm əhəmiyyət kəsb edən tarixi bir tədbir ərəfəsində olduğunu qeyd edərək bildirmişdir ki, seçkilər xalqla yanaşı, beynəlxalq qurumların diqqət mərkəzindədir. Seçkilər ölkə əhəmiyyətli tədbir olduğundan bu prosesdə müxtəlif dövlət strukturları iştirak edir. İcra hakimiyyətinin seçkilərlə bağlı əsas vəzifələrindən biri normal şərait yaradılmasıdır. Bununla belə icra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı öz üzərlərinə düşən vəzifələri icra edərək seçki komissiyalarına yardım edirlər.
Böyük minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm ki, seçkilərin keçirilməsi üçün lazım olan ictimai-siyasi sabitlik mövcuddur, seçki komissiyalarının normal fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılmışdır. Bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin edilmiş, maddi-texniki bazaları möhkəmləndirilmişdir. Azərbaycanda seçki komissiyaları üçün yaradılan şərait bir çox ölkələrə nümunə ola bilər. MSK aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyələrinin artırılması və seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də genişmiqyaslı maarifləndirmə proqramı hazırlayaraq icra edir. ATƏT-in təşəbbüsü ilə təşkil edilən bu sessiya da həmin qəbildəndir. Bu sessiyalar seçkilərin tam qanunauyğun və ədalətli keçirilməsini təmin etməklə, ölkəmizdə hüquqi dövlətin güclənməsinə və vətəndaş cəmiyyətinin daha da inkişafına yardım edəcəkdir.
Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ilə bağlı məruzə ilə çıxış etmişlər.
Sonda sessiya iştirakçılarının sualları cavablandırılmışdır.