Mərkəzi Seçki Komissiyası avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

23 avqust 2010 14:10

Mərkəzi Seçki Komissiyası avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

 Kursların keçirilməsində məqsəd cənab Prezidentin sözügedən Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

 Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel və digər rəsmi şəxslər iştirak edəcəklər.

 Avqustun 23-dən 29-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apellyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. 

Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.

Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də Azərbaycan Respublikasının Prezidentinin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.