Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.
Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.
Dairə seçki komissiyalarının sədrlərinə həmun kursları bitirmələri ilə bağlı sertifikatlar təqdim edilmişdir.
Sertifikatların təqdimat mərasimində çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, avqust ayının 23-dən başlanan kurslar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında keçirilmişdir.
Kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Daxili işlər nazirinin müavini Oruc Zalov, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Bakı Apellyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxumuşlar.
MSK-nın sədri mühazirəçilərə və bu tədbirin həyata keçirilməsində əməyi olmuş digər şəxslərə təşəkkür etmişdir.
M. Pənahov həmçinin kursların dairə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində və seçki hüququ ilə bağlı biliklərinin daha da artırılmasındakı əhəmiyyətini vurğulamış və dairə seçki komissiyalarının sədrlərini bu kursları başa vurmaları münasibətilə təbrik etmişdir.
O, qeyd etmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar sentyabrın 1-dən 3-dək DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir.
Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, polis rəisləri, məhkəmə sədrləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçəcəklər.
Mərkəzi Seçki Komissiyasının sədri respublikada seçki praktikasının təkmilləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edən belə genişmiqyaslı tədbirin reallaşması üçün köməklik göstərdiklərinə görə Prezident Administrasiyasının rəhbərinə, respublikanın baş prokuroruna, daxili işlər nazirinə, ədliyyə nazirinə, Ali Məhkəmə və Bakı Apellyasiya Mərhkəməsinin sədrlərinə minnətdarlığını bildirmişdir.
Mərasimin sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının sədlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişdir.
Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.