Sentyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

06 sentyabr 2010 12:35


Sentyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə sədr Komissiya üzvlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” sərəncamı ilə tanış etmişdir.  

Sonra "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın layihəsi Mərkəzi Seçki Komissiyası üzvlərinin müzakirəsinə çıxarılmış və Təqvim Planının təsdiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

İclasda Milli Məclisə seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması barədə qərar çıxarılmış, həmçinin dairə seçki komissiyalarının nəzdində belə ekspert qruplarının yaradılması DSK-ların özlərinə həvalə edilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.


Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Milli Demokratiya İnstitutunun (ABŞ) səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etmişlər.