Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

29 sentyabr 2003 12:34
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
 
İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Əliyev Yunus İsaxan oğlunun namizədliyini geri götürməsi barədə məlumat vermişdir. MSK katibi bildirmişdir ki, Əliyev Yunus İsaxan oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyini Əliyev İlham Heydər oğlunun xeyrinə geri götürdüyünü bildirmişdir. Komissiya onun müraciətinin nəzərə almış və müvafiq qərar qəbul etmişdir. 

Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası Seçki Məcəlləsinin 47.9-cu maddəsinin tətbiqi haqqında məlumat vermişdir. MSK məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.

Müsavat Partiyası tərəfindən vəkil təyin edilmiş 9, Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən isə vəkil təyin edilmiş 24 nəfərin qeydə alınması məsələsinə də baxılmış və bu barədə müsbət qərar qəbul olunmuşdur.

Komissiya bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında məsələni də müzakirə etmiş və müvafiq qərarlar çıxarmışdır.

Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən bir qisminin Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul olunmuşdur.
Sonra 13 saylı Əzizbəyov birinci Dairə Seçki Komissiyasının təqdimatı müzakirə edilmiş və bu məsələ barəsində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə müraciət edilməsi haqqında qərar çıxarılmışdır.

İclasın sonunda cari məsələlər müzakirə edilmişdir.

Mərkəzi Seçki Komissiyasının İclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının, Milli Demokratiya İnstitutunun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.