Avqustun 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

30 avqust 2008 11:36

Avqustun 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 16 avqust, 18 avqust, 20 avqust və 23 avqust 2008-ci il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.Sonra MSK katibi Natiq Məmmədov Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O, bildirmişdir ki, irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış 40 mindən yuxarı seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 22 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir. Mərkəzi Seçki Komissiyası İqbal Fehruz oğlu Ağa-zadənin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.MSK namizədlikləri özləri tərəfindən irəli sürülmüş cənab Əliyar Qurbanəli oğlu Səfərlinin və Mübariz Tofiq oğlu Allahverdiyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərini təsdiq etmişdir. İclasda seçki komissiyasının yekun protokolunun sayı və hazırlanması qaydası barədə məsələyə də baxılmışdır. MSK qərara almışdır ki, 2008-ci il oktyabrın 15-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılımasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası barədə məsələ də Komissiyanın iclasına çıxarılmışdır. Komissiya həmin bildirişlərin mətnini və formasını təsdiq etmiş və qərara almışdır ki, bildirişlərin sayı 5000000 ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.İclasda cari məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.