Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

16 avqust 2008 11:27

Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın sədri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. O, bildirmişdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/33 saylı Qərarı ilə təsdiq edilmişdir. İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış 46 750 seçici imzası olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 11 avqust 2008-ci ildə partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. İmzalar 124 seçki dairəsindən toplanmışdır. Namizədin qeydə alınması üçün təqdim edilmiş seçki sənədləri Komissiyadakı işçi qrupunun ekspertləri tərəfindən yoxlanılmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edilmişdir. Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.Sonra MSK-nın katibi Natiq Məmmədov özü tərəfindən irəli sürülmüş cənab Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası cənab Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyini təsdiq olunması barədə qərar çıxarmışdır. Müzəffər Qiyas oğlu Baxışovun prezidentliyə namizəd Qulamhüseyn Surxay oğlu Əlibəylinin səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında da qərar qəbul edilmişdir.MSK bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi barədə də qərarlar çıxarmışdır. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.