Avqustun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

09 avqust 2008 11:25
Avqustun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov imza vərəqələrində, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri seçki sənədlərində olan məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrupu yaradılsın. Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri təyin edilmişdir.

Sonra 15 oktyabar Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılmışdır. YAP sədrinin müavini, Milli Məclisin deputatı Əli Əhmədovun, YAP icra katibinin müavini, MM-in deputatı Mübariz Qurbanlının səlahiyyətli nümayəndə və həmin partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzovun isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar çıxarılmışdır.MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquluyevin, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin, Azərbaycan Liberal – Demokrat Partıyasının irəli sürdüyü Fuad Əliyevin, "Yaşıl siyasət” Təşəbbüs qrupunun irəli sürdüyü Mayıs Güalıyevin və özü tərəfindən irəli sürülmüş Qüdrət İshaqovun prezidentliyə namizədliyinin təsdiq olunması barədə qərarlar qəbul etmişdir.Sonra bəzi normativ xarakterli aktlar qəbul olunmuşdur.Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının təsdiq olunması haqqında da qərar çıxarmışdır. İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçisi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.