Dekabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Dekabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya Azərbaycan Respublikasında 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin yekunlarının yoxlanılması, təsdiqi və seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib eilməsi barədə məsələyə baxmışdır.
Komissiyanın sədri bildirmişdir ki, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər əvvəlki seçkilər kimi ölkəmizin həyatında mühüm hadisələrdən biri kimi tarixə düşəcəkdir. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuşdur. Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü seçkilərin gedişini izləmişdir. Ölkə ictimaiyyətinin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmişdir. Sözügedən seçkilərlə bağlı səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının bələdiyyələr üzrə protokolları qanunla müəyyən edilmiş müddətdə və qaydada tərtib edilərək onlara əlavə olunmuş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolları və ona əlavə edilmiş digər sənədləri yoxlamışdır.
MSK sədri seçkilərin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsinə köməklik göstərmiş dövlət qurumlarına təşəkkür etmişdir. Seçkilərin hazırlanıb keçirilməsi prosesinin ictimaiyyətə çatdırılmasında ölkə KİV-lərinin əhəmiyyətli rol oynadığını minnətdarlıq hissi ilə vurğulayan sədr AzTV və İctimai Televiziyanın, "Azərbaycan” qəzetinin, AzərTAc və APA informasiya agentliklərinin bu sahədəki fəaliyyətini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirmişdir.
Sonra MSK katibi Arifə Muxtarova Komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair qərarının layihəsi ilə tanış etmişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın. Eyni zamanda, 38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəli bələdiyyəsinə keçirilmiş yeni seçkilərin də etibarsız hesab olunması barədə qərar qəbul edilmişdir.
Bundan əlavə, seçki keçirilmiş 329 bələdiyyənin tam tərkibdə formalaşmasının nəzərə alınması, seçkilərin ümumi yekunları üzrə rəsmi təsdiq edilmiş bələdiyyələrə seçilmiş üzvlərin siyahısının elan edilməsi və bəzi bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması qərara alınmışdır.