Dekabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Əvvəlcə Komissiyanın 9 dekabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilmişdir.
Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidinin yenidən təsdiq edilməsinə dair məsələyə baxmışdır. Sədr qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər” İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli Sərəncamında İnformasiya Mərkəzinin Mərkəzi Seçki Komissiyası Katibliyinin tərkibinə daxil edilməsi məqsədilə müvafiq dəyişiklik edilmiş, Sərəncamın icrası Mərkəzi Seçki Komissiyasına tövsiyə edilmişdir. Bununla əlaqədar, habelə Mərkəzi Seçki Komissiyasının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun və ştat vahidlərinin yenidən müəyyən edilərək təsdiq edilməsi zərurəti də yaranmışdır. O, Komissiya üzvlərini qərar layihəsi ilə tanış etmişdir.
Mərkəzi Seçki Komissiyası qərara alınmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin ştat vahidlərinin sayı 118 olmaqla strukturu yenidən təsdiq edilsin. Eyni zamanda, MSK nəzdində "Seçkilər” İnformasiya Mərkəzinin Komissiya Katibliyinin tərkibinə daxil edilməsi, habelə, Katibliyin tərkibində bir şöbə və beş sektorun yaradılması, iki şöbənin isə adının dəyişdirilməsi barədə qərar çıxarılmışdır.
MSK 11 saylı Qaradağ və 32 saylı Suraxanı üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.