Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 29 –da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı (MSK) mətbuat konfransı keçirilmişdir
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 29 –da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı (MSK) mətbuat konfransı keçirilmişdir. Sədr noyabrın 30-da keçiriləcək seçkilər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə boş qalan 464 yerə keçiriləcəkdir. Bu bələdiyyələrdən 9-u tamamilə yenidən formalaşacaqdır. Seçkilərə hazırlıq prosesi başlanan gündən 464 boş qalan yerə seçki hüququ olan 1627 Azərbaycan vətəndaşı dairə seçki komissiyalarına müraciət etmiş, imza vərəqələri götürmüşdür. Onlardan 1588-i imza vərəqələrini qaytarmış, bununla da 1567 nəfərin namizədliyi qeydə alınmışdır. On bir nəfər öz namizədliyindən imtina etmiş, 10 nəfər isə sənədlərində ciddi çatışmazlıqların olduğundan qeydiyyata alınmamışdır.
Vurğulanmışdır ki, qeydə alınmış namizəddən 16-sı öz ərizəsi ilə mandatından imtina etmiş, iki nəfər isə dünyasını dəyişmişdir. Beləliklə, hazırda səsvermə bülletenində 1549 namizədin adı vardır. Bunlardan 305-i (19, 69 faiz) qadındır. Ümumiyyətlə, namizədlər arasında 673 nəfər (43,45 faizi) ali təhsilli, 605-i (39, 06 faizi) orta, 265-i (17,11 faizi) orta ixtisas, 6-sı ( 0,38 faizi) isə natamam ali təhsillidir.
Ümumilikdə 1 milyon 155 min 864 seçici səsvermədə iştirak etmək hüququna malikdir. Bu seçicilər 1169 məntəqədə səs verəcəklər. Səsvermədə əhalinin fəallığını artırmaq üçün MSK bütün lazımi tədbirlər görmüş, bildirişlər çap etdirmiş, əhali arasında maarifləndirmə işləri aparmışdır.
Səsvermə üçün məntəqələr saat 8.00-da açılacaq, saat 19.00-da isə bağlanacaqdır. Məntəqələr bağlanandan sonra isə seçki qutuları müşahidəçilərin və KİV nümayəndələrinin iştirakı ilə açılacaqdır.
M.Pənahov demişdir ki, MSK-da 40 müşahidəçi qeydiyyatdan keçmiş və onlar bütün ölkə üzrə, yəni 86 dairədə 1169 məntəqənin hamısında müşahidə aparmaq hüququna malikdirlər. Dairə seçki komissiyaları tərəfindən akkreditasiya olunmuş müşahidəçilərin ümumi sayı isə 9883 nəfərdir. Seçkidə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınmışdır. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Azərbaycan Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 namizəd isə bitərəfdir.
MSK sədri vurğulamışdır ki, ictimaiyyətdə bələdiyyə orqanlarına seçkilərə maraq böyükdür. Namizədlər arasında müxtəlif siyasi partiyaları təmsil edən şəxslərin olması da seçkilərdə fəallığın yüksək olacağını göstərir.