Mərkəzi Seçki Komissiyası sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
Mərkəzi Seçki Komissiyası sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır. Kursların keçirilməsində məqsəd cənab Prezidentin sözügedən Sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır. Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edəcəklər. Sentyabrın 5-dən 11-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri, şöbə müdirləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Respublikasının Prezidentinin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir.