Mayın 30-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar. Dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilmişdir
Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunmuşdur. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil vermişlər. Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, seçici siyahılarının mükəmməl şəkildə tərtibi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi mövcuddur və sözügedən sənədin yenidən tərtib edilməsində Respublika Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi köməklik göstərmişlər.
Aprelin 5-dən etibarən Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilmişdir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmışdır. Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 922 600 nəfər seçicinin adı var.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyası 24 fevral 2012-ci ildə keçirilmiş iclasının protokolunu da təsdiqləmiş, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
Komissiyanın iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.