Fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda təşkilati məsələyə baxılmış, qurumun sədri, müavini və iki katibi seçilmişdir.

24 fevral 2009 00:00

Fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda təşkilati məsələyə baxılmış, qurumun sədri, müavini və iki katibi seçilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iclasda iştirak etmişdir. Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin Milli Məclis tərəfindən təsdiq edildiyini nəzərə çatdıran Ramiz Mehdiyev MSK-nın üzvü olan 18 nəfərin ölkənin ictimai-siyasi həyatında vacib rol oynayan şəxslər olduğunu bildirmişdir. Son beş ildə MSK-nın yaxşı işlədiyini və qanunvericiliyə uyğun fəaliyyət göstərdiyini vurğulayan Prezident Administrasiyasının rəhbəri əmin olduğunu bildirmişdir ki, komissiya qazandığı təcrübədən istifadə edərək gələcəkdə də yaxşı nəticələr əldə edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin MSK-ya göstərdiyi diqqətdən söhbət açan Ramiz Mehdiyev demişdir ki, məhz dövlətimizin başçısının daimi qayğısı sayəsində mərkəzi və aşağı seçki komissiyalarına seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılmış, komissiya üzvlərinin əməkhaqqları artırılmış, MSK üçün ən müasir informasiya-kommunikasıya avadanlıqları ilə təchiz edilmiş gözəl, yaraşıqlı bina istifadəyə verilmişdir. Bu diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirən Administrasiya rəhbəri komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilmişdir. Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdir. Natiq Məmmədov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə parlamentdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçilmişlər.