Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Komissiya sədri MSK üzvlərini cənab İlham Heydər oğlu Əliyevin Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsi haqqında məlumatlandıraraq qeyd etmişdir ki, cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının baş naziri seçildikdən sonra deputat səlahiyyətlərinə xitam verilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Komissiya cənab İlham Heydər oğlu Əliyevin Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Komissiya üzvlərini Azərbaycan Respublikasının Milli Məclisinə Yeni Azərbaycan Partiyasının təqdim etdiyi vahid namizədlər siyahısından çıxmış deputatın yerinə həmin siyahıda növbəti gələn Asif Ağalar oğlu İmaməliyevin Milli Məclisin deputatı kimi təsdiq edilməsi və ona deputat mandatının verilməsi barədə məlumatlandırmışdır. Bu məsələnin müsbət həlli barədə qərar qəbul olunmuşdur. İclasda Mərkəzi Seçki Komissiyası üzvlərinin 15 oktyabr 2003-cü il Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili ilə bağlı gərgin əməyi qeyd olunmuş və Komissiya üzvlərinin mükafatlandırılması barədə qərar qəbul edilmişdir. Komissiyaya daxil olmuş müraciətlər də müzakirə edilmiş və bu müraciətlərin nəzərə alınması haqqında qərar qəbul olunmuşdur. Mərkəzi Seçki Komissiyasının iclasında Milli Demokratiya İnstitutu, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Yaponiya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
|