Mərkəzi Seçki Komissiyası avqust ayından başlayaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması, onların seçkilərin keçirilməsi ilə bağlı zəruri vərdişlərə yiyələnmələri məqsədilə treyninq-seminarlar təşkil edir

29 sentyabr 2003 09:54
Mərkəzi Seçki Komissiyası avqust ayından başlayaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının artırılması, onların seçkilərin keçirilməsi ilə bağlı zəruri vərdişlərə yiyələnmələri məqsədilə treyninq-seminarlar təşkil edir. Treyninq-seminarlarin əsas mövzusu səsvermə proseduru, səslərin hesablanması və nəticələr haqqında yekun protokolun doldurulmasıdır. Məntəqə seçki komissiyaları üzvlərindən ibarət olan kiçik qruplar üçün keçirilən treyninq-seminarlar zamanı praktiki məşğələlərə geniş yer verilir.

Treyninq-seminarları Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun başçılıq etdiyi treyninq qrupu aparır. 13 nəfərdən ibarət ekspert qrupunun üzvləri seçkilərlə bağlı treyninqlərin aparılmasından ötrü xüsusi hazırlıq kursu keçmiş və beynəlxalq dərəcəli sertifikat almışlar. 

Respublika üzrə 85-dən artıq dairədə artıq treyninq-seminarlar başa çatdırılmışdır. 

Treyninq-seminarlar keçirilərkən Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (IFES) əməkdaşlıq edilir. 39 dairədə treyninq-seminarlar bu fondun yaxından iştirakı ilə keçirilir.
 
Bu silsilədən olan tədbirlərin oktyabr ayının 8-dək davam etdirilməsi nəzərdə tutulur.