Sentyabrın 24-də Mərkəzi Seçki Komissiyasının iclası Məzahir Pənahovun sədrliyi ilə davam etdirilmişdir

24 sentyabr 2003 09:52
 
Sentyabrın 24-də Mərkəzi Seçki Komissiyasının iclası Məzahir Pənahovun sədrliyi ilə davam etdirilmişdir.

Mərkəzi Seçki Komissiyasının üzvü Asəf Əliyev seçkiqabağı təşviqat məqsədilə Türkiyə Respublikasından Azərbaycana gətirilmiş təşviqat materiallarının istehsalçısı, tirajı, qiymtəi, ödənilmiş dövlət rüsumu və vergi öhdəliyinin yerinə yetirilməsi barədə məlumatların verilməsi üçün Dövlət Gömrük Komitəsvinə sorğu göndərilməsini təklif etmişdir. A. Əliyevin təklifi ilə bağlı qərar qəbul olunmamışdır.

Komissiyanın katibi Vidadi Mahmudov Seçki Məcəlləsinin 95.2-ci maddəsinin icrası vəziyyəti haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu məsələnin qanuna uyğun şəkildə araşdırılmasının Nəzarət Təftiş Komissiyasına həvalə edilməsi haqqında qərar çıxarmışdır.

Sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizə və müraciətlər barədə məlumat verilmişdir. Müraciətlərin bir qisminin araşdırılıb müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul edilmişdir.

MSK üzvü Ənvər Əliyev Seçki Məcəlləsinin 22.2-ci maddəsinə əməl edilməsi vəziyyəti barədə məlumat vermişdir. Komissiya üzvləri bu məsələnin araşdrıldıqdan sonra MSK-nın iclasında müzakirə edilməsi barədə qərar qəbul etmişlər. 

Mərkəzi Seçki Komissiyasının üzvü İ. Məmmədov Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Ə. Əhmədov tərəfindən Komissiyaya ünvanlanan müraciət haqqında məlumat vermişdir. Müraciətdə prezidentliyə namizəd İ. Qəmbər haqqında Seçki Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozduğuna, Mərkəzi Seçki Komissiyasına mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakı və gəlirləri barədə dəqiq məlumat vermədiyinə və təsisiçisi olduğu "Yeni Müsavat” qəzetinin 2002-ci ilin yekununa əsasən əldə etdiyi 57 010,4 min manat vəsaiti gizlətdiyinə görə qanuni tədbirlər görülməsi xahiş edilmişdir. MSK bu məsələnin Nəzarət Təftiş Komissiyası tərəfindən araşdırılması və yenidən Komissiyanın müzakirəsinə çıxarılması barədə qərar qəbul etmişdir.

Sonra gündəlikdəki digər məsələlər müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır.

Mərkəzi Seçki Komissiyasının İclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının, Milli Demokratiya İnstitutunun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.