Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
23 sentyabr 2003 09:49
Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
MSK katibi İnqilab Nəsirov Mərkəzi Seçki Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında məlumat vermişdir. Əsasnamə təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov seçki günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında Təlimatın təsdiq edilməsi barədə məlumat vermiş və bu sənəd də təkliflər nəzərə alınmaqla qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev 21 sentyabrda bəzi seçki dairələrində baş verən hadisələrə münasibət bildirilməsi haqqında məlumat vermişdir. Müzakirələr zamanı komissiya üzvləri seçkilərin keçirilməsi üçün sabitliyin çox mühüm faktor olduğunu vurğulamış və ölkədəki bəzi destruktiv çevərələrin bu sabitliyi pozmaq, 1991-92-ci illərdəki situasiyanı yatarmaq cəhdlərindən söz açmışlar. Natiqlər qeyd etmişlər ki, prezidentliyə namizədlər seçkiqabağı təşviqat apararkən sui-istifadə hallarına yol verməməli, Seçki Məcəlləsinin tələblərinə uyğun addımlar atmalı və süni qarşıdurma yaratmamalıdırlar. Çıxışçılar belə hesab etmişlər ki, polis "Polis haqqında” Azərbaycan Respublikası Qanununa və digər müvafiq qanunlara uyğun olaraq belə halların qarşısını almalı, ictimai asayişin qorunmasını təmin etməlidir. Sonra Mərkəzi Seçki Komissiyası həmin hadisələrlə bağlı bəyanat qəbul etmişdir. Bu hadisələrlə bağlı daxil olmuş müraciətlər ararşdırılıb müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
Komissiya üzvü Qabil Orucov müşahidəçilərin qeydə alınması barədə məlumat vermişdir. MSK üzvləri bu məsələnin müsbət həlli barədə qərar çıxarmışlar.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Milli Demokratiya İnstitutunun, ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.