Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

18 sentyabr 2003 09:47
Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

MSK üzvləri Mərkəzi Seçki Komissiyasının 3 və 8 avqust iclaslarının protokollarını təsdiq etdikdən sonra Komissiya üzvü Qabil Orucov vətəndaşların öz təşəbbüsü ilə Azərbaycan Respublikaının bütün ərazisində müşahidə aparması barədə müraciətlərə baxılması haqqında məlumat vermişdir. Komissiya üzvləri müraciətlərə müsbət cavab verilməsi barədə qərar qəbul etmişlər.
 
MSK katibi İnqilab Nəsirov Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında izahın, digər katib Vidadi Mahmudov isə seçki dairəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında izahın təsdiq edilməsi barədə məlumat vermişdir. Hər iki sənəd təkliflər nəzərə alınmaqla təsdiq edilmişdir.

İclasda Mərkəzi Seçki Komissiyasının Prezidentliyə namizədlərə müraciəti təsdiq edilmişdir. Komissiya üzvləri Prezidentliyə namizədləri seçkiqabağı təşviqat apararkən vətəndaşlara və bir-birlərinə hörmətlə yanaşmağa çağırmışlar.

Sonra Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən vəkil təyin edilmiş 50 nəfərin, Müsavat Partiyası tərəfindən isə vəkil təyin edilmiş 26 nəfərin qeydə alınması barədə qərar çıxarılmışdır.

Komissiya daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında məlumatları dinləmiş və müvafiq qərarlar qəbul etmişdir. 

İclasda MSK-ya daxil olan ərizə və müraciətlərə də baxılmış, müraciətlərin bir qisminin araşdırılmaq üçün Respublika Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul olunmuşdur.

Mərkəzi Seçki Komissiyası gündəlikdəki digər məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul etmişdir.

Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Böyük Britaniya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.