"Yeni Müsavat" qəzetinin 11sentyabr 2003-cü il tarixli sayında dərc olunan "Dövləti cinayətin üstü açıldı" sərlöhvəli məqalədə guya "Sənayeavtomatika" İstehsal Birliyində şəffaf qutuların hazırlanması barədə məlumat verilib

11 sentyabr 2003 09:43
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 
mətbuat xidmətinin məlumatı

 

"Yeni Müsavat” qəzetinin 11sentyabr 2003-cü il tarixli sayında dərc olunan "Dövləti cinayətin üstü açıldı” sərlöhvəli məqalədə guya "Sənayeavtomatika” İstehsal Birliyində şəffaf qutuların hazırlanması barədə məlumat verilib. Mərkəzi Seçki Komissiyası bu məlumatı qəti surətdə təkzib edir və bəyan edir ki, şəffaf qutular ölkəmizdə fəaliyyət göstərən hər hansı bir müəssisədə hazırlanmır. Şəffaf qutular Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) təşkilatçılığı, Almaniya, ABŞ, Niderland və Böyük Britaniya hökumətlərinin maliyyə yardımı ilə Honkonqda hazırlanıb.

"Sənayeavtomatika” İstehsal Birliyi isə Mərkəzi Seçki Komissiyası ilə bağladığı müqavilə əsasında şəffaf seçki qutuları yox, səsvermə kabinələri hazırlayır və artıq belə kabinələr bir çox dairələrin seçki məntəqələrinə göndərilmişdir.

Adı çəkilən qəzetdə dərc edilmiş məqalədə əks olunanlar həqiqətə uyğun deyil və bu kimi dezinformasiyalar ədalətli, şəffaf və demokratik seçki keçirilməsi istiqamətində görülən işlərin əngəllənməsinə, gözdən salınmasına cəhd və qərəzli yanaşma kimi qiymətləndirilməlidir.

Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını ayıq-sayıq olmağa, belə dezinormasiyalara uymamağa çağırır, seçiciləri əmin edir ki, bundan sonra da seçkilərin azad, ədalətli və demokratik keçirilməsi üçün bütün qanuni tədbirləri görəcəkdir.