Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
08 sentyabr 2003 09:32
Sentyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın katibi İnqilab Nəsirov dairə seçki komissiyalarının nəzarət-təftiş xidməti və seçici siyahılarının dəqiqləşdirilməsi barədə izahın təsdiq edilməsi haqqında məlumat vermişdir. Bu sənədlər təkliflər nəzərə alınmaqla qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov isə müşahidəçilərin qeydiyyatdan keçməsi üçün dairə seçki komissiyasına təqdim edilən sənədlər siyahısının və Azərbaycan Respublikası vətəndaşlarının öz təşəbbüsü ilə müşahidə aparması qaydaları haqqında izahın təsdiq edilməsi barədə məlumat vermişdir. Komissiya bu sənədləri də təkliflər nəzərə alınmaqla qəbul etmişdir.
Sonra Prezidentliyə namizədliyi qeydə alınmış Lalə-Şövkət Hacıyeva tərəfindən vəkil təyin edilmiş Əliyev Hüseynağa Əlişan oğlunun, Səmədov Rəhman Əlövsət oğlunun, Salmanov Bahadur Cəmşid oğlunun və Şirinova Zümrüd Soltan qızının qeydə alınması barədə məlumat verilmiş və bu məsələnin müsbət həlli barədə qərar çıxarılmışdır.
Daha sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova və katibi Vidadi Mahmudov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında məlumat vermiş və həmin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi qərara alınmışdır.
İclasda MSK-ya daxil olan ərazi və şikayətlərə də baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Komissiya sentyabrın 6-da Azərbaycan Dövlət Televiziyasında qeydə alınmış namizədlərə ayrılmış pulsuz efir vaxtından dəyirmi masa zamanı istifadə edilərkən yol verilmiş hərəkətləri müzakirəyə çıxarmışdır. MSK üzvləri bu hadisəni pisləmiş və qeydə alınmış namizədlərə gələcəkdə belə hallara yol verilməməsi üçün müraciət edilməsi barədə qərar qəbul etmişlər.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev iclas iştirakçılarını MSK-nın Kütləvi İnformasiya Vasitələrinə müraciətinin layihəsi ilə tanış etmişdir. Komissiya üzvləri həmin müraciətin qəbul edilməsinə səs vermişlər.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının, Milli Demokratiya İnstitutunun, ABŞ,Yaponiya və Qazaxıstan səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.