Avqustun 12-də cənab Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
12 avqust 2003 18:02
Avqustun 12-də cənab Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov "Azərbaycan Respublikasının Prezidentliyinə namizədin, siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın,”Vəkil edilmiş şəxslərin statusu haqqında "Təlimat”ın, Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov "Seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumat vermişlər. Komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla həmin sənədlər təsdiq olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun "Azərbaycan Respublikası prezidentliyinə qeydə alınmış namizədlərin təhlükəsizliyinin təmin edilməsi haqqında” məlumatı dinlənilmişdir. Komissiya müzakirəyə çıxarılmış bu məsələnin müsbət həllini məqsədəuyğun hesab etmişdir.
İclas iştirakçıları Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Məmmədov Etibar Səlidar oğlunun və xanım Hacıyeva Lalə-Şövkətin prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumatını dinləmişlər.
Komissiya cənab Məmmədov Etibar Səlidar oğlunun prezidentliyə namizədliyini qeydə almağı qərarlaşdırmışdır.
Xanım Hacıyeva Lalə-Şövkətin təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədiyinə görə onun prezidentliyə namizədliyi qeydə alınmamışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında məlumat vermişdir. Geniş müzakirələrdən sonra müəyyən məqamların tam araşdırılması üçün cənab Rüstəmxanlı Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin qeydə alınıb-alınmaması məsələsi növbəti iclasa kimi təxirə salınmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova və komissiyanın katibi Vidadi Mahmudov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məlumat vermişlər. Komissiya təklif olunan dəyişikliklərin qəbul edilməsini məqbul saymışdır.
Müşahidəçilərin akkreditasiyadan keçməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilən sənədlərin siyahısının təsdiq olunması haqqında komissiyanın katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən sonra həmin sənədlər siyahısının təsdiq edilməsi qərara alınmışdır.
Komissiyanın üzvü Azər Tağıyev Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması haqqında məlumatla çıxış etmişdir. Bəzi qəzetlərdə prezidentliyə namizədlərin əleyhinə yönəldilmiş etikadan kənar təşviqatqabağı materialların hərtərəfli müzakirəsinin növbəti iclasda geniş müzakirəyə çıxarılması qərara alınmışdır. Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun 1-7 saylı seçki dairələrinin təchizatı üçün Mərkəzi Seçki Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada paylanmalı ləvazimatın xərclərinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının bank hesabına köçürülməsi haqqında məlumatı dinlənilmişdir. Komissiya bu məsələnin müsbət həllinə səs vermişdir.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), Avropa Şurası Baş katibinin xüsusi nümayəndəliyin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ, Türkiyə, Rumıniya, İsrail səfirliklərinin təmsilçiləri, xarici və yerli informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.