Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

21 noyabr 2005 17:14

Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
 
İclasda Komissiyaya daxil olmuş müraciətlərə və bəzi seçki dairələri üzrə nəticələrə dair məsələ və cari məsələ müzakirəyə çıxarılmışdı. Əvvəlcə MSK üzvləri icraatlarında olan müraciətlər barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 19 saylı Nərimanov birinci, 103 saylı Gədəbəy, 44 saylı Sumqayıt – Abşeron, 35 saylı Xətai üçüncü, 49 saylı Yevlax- Mingəçevir, 47 saylı Mingəçevir, 30 saylı Suraxanı birinci, 17 saylı Yasamal üçüncü, 61 saylı Neftçala, 60 saylı Salyan – Neftçala, 56 saylı Xaçmaz kənd, 51 saylı Qusar, 53 saylı Quba-Qusar, 66 saylı Biləsuvar, 50 saylı Qobustan- Xızı- Quba və 29 saylı Səbail seçki dairələrinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda müəyyən edilmiş uyğunsuzluqlar, habelə həmin məntəqələrdə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır. 

Bunula yanaşı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14, 31 və 34 saylı məntəqələrlə bağlı daxil olmuş şikayətlərə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərar qəbul edilmişdir. 

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.